FELYETON | Qəhərəman(lı) olmaq neçəyədir?

FELYETON | Qəhərəman(lı) olmaq neçəyədir?
  04 İyun 2013    Oxunub:1762
Masallı rayonunun üç sakini – Nazim Eynullayev, Mübariz Abuşov və Sahib Rzayev onları pul vəd edərək, aldadıb AXCP-nin toplantısına apardıqlarına görə iki nəfər cəbhəçi yerlilərini məhkəməyə veriblər. Əgər siz onların məhkəməyə ünvanladıqları ərizələrini oxumamısınızsa, israrla tövsiyə edirik ki, oxuyun – peşman olmazsınız.
Pullarını ala bilməyən fəhlələr yazırlar: “Onlar bizi aldatdılar. Həmin gün biz öz işimizdən də olduq. Həqiqətən onlar aldatmaları ilə bizə maddi ziyan vurmaqla yanaşı, biz həmin vaxtı mənəvi iztirab çəkdik və özümüzü cavabdeh tərəfindən təhqir edilmiş saydıq”.

Ərizənin sonunda fəhlələr onlara 15 manat vəd edib, amma 5 manat verən cəbhəçilərdən həmin 10 manatları (cəmi 30 manat) və mənəvi ziyana görə adama 500 manat tələb edirlər. Bir yerdə edir 1530 manat.

Demək, Fuad Qəhrəmanlıya qulaq asmağın vurduğu mənəvi ziyan 500 manat edirmiş. Heyif ki, fəhlələr Qəhrəmanlının nə qədər danışdığnı ərizələrində dəqiq göstərməyiblər. Yoxsa hesablamaq olardı ki, Qəhrəmanlının çıxışının hər 1 saatına dözmək neçəyə başa gəlir.

Gəlin, belə bir mənzərəni təsəvvür eləyək.
Masallı. Haradasa 40-50 adam bir yerə yığışıb. Hərəsinin öz işi-gücü var. Məsələn, birinin fikri bostanı sulamağın yanındadır, o birininki heyvanı yemləməyin... Fuad Qəhrəmanlı isə qabaqda nitq söylyəir və böyük şövqlə özünü lider hesab edir. Liderlikdən, 40-50 kəndçinin qarşısında çıxış etməkdən zövq alır. Bu cür zövq almaq imkanını ona başqa harada yaradacaqlar?.. Heç harada! Ona görə də coşub.

Həmin an Qəhrəmanlının fikirlərilə pul vədinə aldadılaraq, ona qulaq asmağa gətirilmiş adamların fikirləri arasında belə bir virtual duet yaşanırmış:

F.Q: - Bu iqtidar lap ağını çıxardıb...
Kəndli: - Görəsən, uşaqlar ağartının vaxtını çıxartmadılar ki?..

F.Q: – Bizim partiyamızda savadlı kadrlar toplanıb...
Kəndli: - Görəsən, uşaq topu təzə ləklərə vurmadı ki...

F.Q: - Biz rəqiblərimizi yola salacağıq...
Kəndli: - Görsən, heyvanı örüşə yola saldılar?..

F.Q: - Biz hakimiyyət gəlib hamınızın həyatını daha yaxşı edəcəyik...
Kəndli: - Görəsən, dedikləri pulu doğrudan da verəcəklərmi?..

Bir sözlə, hərənin öz könlündəki. Kəndli alacağı 5-10 manatı göz önünə gətirərək, oturub Bakıdan gəlmiş siyasətçi oğlanın danışığına qulaq asır. Amma ürəyi mal-heyvanın, bağ-bostanın yanındadır. AXCP onu düşündürən mövzuların arasında haradasa qotur çəpişi baytara aparmaqla quruyan xiyar tağını təzələməyin arasında gəlir. Nə AXCP?!

Bu əsnada Bakıdan gələn oğlan da özünü siyasətçi hesab edərək, balaca göldə qayıq olmaqdan ləzzət alır. Liderlik zövqünü yaşayır. Amma dünyada bütün zövqlər üçün pul ödəmək lazımdır axı. Həyat belədir.

Ona görə də, Qəhrəmanlı gərək biləydi ki, liderlik zövqünü yaşamağın da sonunda haqq-hesabı ödəmək lazım gələcək. Başı götürüb qaçanda isə dalı belə gəlir. Zövq almısan – pulunu ver!

Biz, hər halda, məsləhət görərdik ki, cənab Qəhrəmanlı gedib kəndlilərin könlünü alıb, pullarını versin. Lap bir az artıq da versin ki, səs salmasınlar. Yoxsa söhbət böyüsə, bir də gördün, Qəhrəmanlının əvvələr çıxış etdiyi yerlərdə də camaat ayağa qalxıb, vaxtilə ona qulaq asarkən keçirdikləri mənəvi ziyan üçün kompensasiya istədilər. Necə ödəyəcək?.. Mümükün deyil. Qazaxlıların məşhur lətifəsində olduğu kimi, “Ağrın alem, a dağlar, gör, saa nə qədər borcum var...”

Ona görə də, cənab Qəhrəmanlı, biz bu məsləhətə görə pul istəmirik. Get, sənə qulaq asmaq əzabına qatlaşdıqlarına görə kişilərin pulunu ver. Nə qədər ki başqa qulaq asanlar da nələr çəkdiklərini başa düşməyiblər...

Samir Quliyev


Teqlər:  





Xəbər lenti